Quranın üç ayrı surəsində hz.Zəkəriyyanın dualarından bəhs edilir. Yaşının ötməsinə baxmayaraq, hz.Zəkəriyya özündən sonra qövmü içində imanı qoruması üçün Allah’dan bir varis istəmişdi. Özü uşaq sahibi olmaq üçün olduqca yaşlı, arvadı isə sonsuz olduğu üçün varisi yoxdu və Allah’a belə dua etmişdir:

Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!” (Məryəm surəsi, 3-6)

Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali-İmran surəsi, 38)

Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya surəsi, 89)

Ayədə hz.Zəkəriyyanın Allah’a gizlicə səsləndiyi bildirilir. Bu, səmimiyyətin ən böyük göstəricilərindən biridir. Belə ki, Allah Özünə bu cür səmimiyyətlə müraciət edən hz. Zəkəriyyanın duasını qəbul etmişdir:

Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (Ənbiya surəsi, 90)

(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)

O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Ali-İmran surəsi, 39)

Ayələrin davamında bildirildiyinə görə, hz.Zəkəriyya Allah’ın duasına cavab verib qoca yaşına baxmayaraq özünə bir oğul övlad nəsib etməsinə təccüblənir. Özünə müjdəni çatdıran mələk isə Ona Allah’ın qüdrətini xatırladır:

O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?” (Mələk) dedi: “Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!” (Məryəm surəsi, 8-9)

Əvvəlki hissələrdə Allah’ın səmimi qullarının dualarını onlar üçün ən xeyirli şəkildə qəbul etdiyini ifadə etmişdik. Allah səmimi müraciət edərək inananların tək dostu və köməkçisi olduğunu da bildirmişdik. Allah uşaq sahibi olması qeyri-mümkün kimi görünən hz.Zəkəriyyaya da səmimi duasını qəbul edərək saleh bir oğul bəxş etmişdir.