Hz. Süleymanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri böyük güc və iqtidara sahib olması idi. Ona çox üstün qabiliyyət də verilmişdi. Hz. Süleymana verilən bu üstün bacarıqlar arasında cinləri idarə etmək, hətta heyvanlarla danışmaq da var idi. Hz. Süleymanın heyvanların dilini anlaması Quran ayələrində belə xəbər verilir:

Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”. (Nəml surəsi, 16)

Özünə verilən üstünlüklərinə görə Allah’a şükr edən hz. Süleymanın duası isə belədir:

(Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)

Allah hz. Süleymana bəzi xüsusi qabiliyyətlərdən başqa böyük maddi imkanlar da bəxş etmişdi. Hz. Süleyman bu zənginliklərə qarşı Ona həmişə şükr etmiş və belə dua etmişdir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. (Sad surəsi, 35)

Daha əvvəlki hissələrdə duanın yalnız şəxsi və dünyəvi istəklər üçün edilməməli olduğu haqqında danışmışdıq. Hz. Süleymanın "heç kimə nəsib olmayan bir mülk" istəməsi də dünyəvi istək deyil, əslində axirət üçün bir istəkdir. Belə ki, onun "... həqiqətən mən mal sevgisini Allah’ı zikrindən dolayı sevirəm ..." (Sad surəsi, 32) sözləri bu arzusunu bildirir.

Əgər bir insan əlində olan maddi imkanları Allah rizası üçün istifadə edir və bu imkanlar onu Allah’a yaxınlaşdırırsa, Allah’ı anmasına səbəb olursa, onun dünya nemətlərini istəməsində qəbahət yoxdur. Çünki bu nemətlər Allah üçün istənildiyi təqdirdə onu axirətə yaxınlaşdıracaq səbəb ola bilər.