Quranda illər boyunca qətiyyətlə qövmünü tövhid dininə çağıran hz. Nuhun səbrindən bəhs edilir. Hz. Nuh özünə və ətrafındakı möminlərə düşmənçilik edən qövmünə qarşı əzmlə mübarizə aparmışdır. Hz. Nuhun hər cür vəziyyətdə Allah’a yönəlməsi, Onun köməyinə ümid edərək səmimiyyətlə dua etməsi isə möminlər üçün çox gözəl nümunədir. Hz. Nuh düşdüyü vəziyyəti Allah’a söyləmiş və belə dua etmişdir:
O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi. (Qəmər surəsi, 10)
Başqa bir surədə hz. Nuhun Allah’a duası belə xəbər verilir:
Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh surəsi, 26-28)
Allah hz. Nuhun bu duasını qəbul etmiş və gələcəkdə qopacaq tufana hazırlıq görməsini əmr etmişdir. Hz. Nuh yaxında hər hansı bir dəniz və ya göl olmamasına baxmayaraq Allah’ın əmri ilə böyük gəmi düzəltməyə başlamışdır. Gəmi hazırlanan zaman isə qövmü onu ələ salmağa davam etmişdir. Bu hadisə Quranda belə xəbər verilir:
(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. (Hud surəsi 38)
Ancaq hz. Nuh qövmünün bütün təzyiqinə baxmayaraq, Allah’ın əmri ilə gəmini hazırlamışdı. Sonunda Allah’ın vədi gəlir və tufan baş verir:
Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. (Qəmər surəsi, 11-13)
Tufan zamanı boğulanlardan biri də hz.Nuhun oğlu olur. Hz.Nuh tufandan əvvəl oğlunu gəmiyə çağırır, ancaq oğlu atasının bu çağırışını qəbul etmir.(Hud surəsi 43) Quranda hz.Nuhun oğlunun ölümünə görə Allah’a belə səsləndiyi xəbər verilir:
Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!” O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”. (Hud surəsi, 45-46)
Hz. Nuh qövmünün həlak edilməsi üçün dua edərkən "mömin olaraq evinə girənlərin" qorunmasını istəmişdir. Halbuki, Nuhun oğlu iman etməmişdir. Quranda hz. Nuhun Allah’a onu bağışlaması üçün belə dua etdiyi bildirilir:
O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud surəsi, 47)