Quranda hz. İsadan bəhs edilərkən belə deyilir:
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali- İmran surəsi, 45)
Quranda həvarilərinin hz. İsadan Allah’a dua etməsini və göydən bir süfrə endirilməsini istədikləri xəbər verilir. "Süfrə" mənasını verən “Maidə” surəsində bu hadisə belə bildirilir:
Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” O da (onlara) demişdi: “Əgər möminsinizsə, Allah’dan qorxun”. Onlar demişdilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o (möcüzəyə) şahidlik edənlərdən olaq”. (Maidə surəsi, 112-113)
Həvarilər bu istəklə qeyri-adi bir hadisə görmək istəyirdi. Hz. İsa bu istəyin yersiz olduğunu bildirməsinə baxmayaraq, həvarilər göydən süfrə enərsə, ürəklərinin daha da rahat olacağını təkid etdilər. Hz. İsa isə həvarilərin bu istəklərini Allah’a dua edərkən Qurani-kərimdəki bir çox dua nümunəsində olduğu kimi, Allah’ı isimləri ilə andı. Quranda hz. İsanın bu duasından belə bəhs edilir:
Məryəm oğlu İsa dedi: “Ey Allah’ım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə surəsi, 114)
Allah hz. İsanın duasını qəbul etdi və belə buyurdu:
Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”. (Maidə surəsi, 115)
Hz. İsanın “Maidə” surəsindəki ikinci duası isə həvarilərin qorunub müşahidə olunması və bağışlanması idi:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə surəsi, 116)
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (Maidə surəsi, 117-118)