Hal-hazırda milyonlarla insanın həcc ibadətini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən hz. İbrahim Quranda "tək başına bir ümmət" kimi tanıdılır. Hz.İbarhim oğlu hz. İsmayılla birlikdə bundan minlərlə il əvvəl Allah’ın vəhyi ilə insanların toplaşacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya həccə gələcəkləri bir ev inşa etmişlər. Bu evin Qurani-kərimdəki adı Kəbədir. Hər ikisi bunu ibadət olaraq etmiş və sonra Allah’a belə dua etmişlər:

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə surəsi, 127)

Kəbənin inşa edildiyi yer zaman keçdikcə daha da inkişaf etdi və bu gün Məkkə kimi adlandırdığımız şəhər oldu. Hz. İbrahim həmin yer üçün Allah’a belə dua etmişdi:

Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allah’a və Axirət gününə iman gətirənlərə (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” (Bəqərə surəsi, 126)

Hz. İbrahim və oğlu İsmayıl dualarında yalnız öz yaşadıqları dövr üçün deyil, özlərindən sonrakı nəsillər üçün də dua etmişdir:

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (Bəqərə surəsi, 128-129)

Hz. İbrahimin başqa duasında Allah’a yaxınlaşma yolları axtardığı belə xəbər verilir:

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə surəsi, 260)

Ayədən də aydın olduğu kimi, İbrahim peyğəmbərin Allah’dan ölüləri necə diriltdiyini göstərməsini istəməsi, inancındakı zəiflikdən yox, əksinə iman edib, amma iman etdiyi həqiqəti tam mənası ilə qavramaq istəyindən irəli gəlirdi. O, çox səmimi və içdən Allah’ın möcüzəsinə şahid olmaq istədi, Allah bu səmimi duasına razılıq verdi.

Hz. İbrahimin atası bütpərəst idi. O, atasına dini təbliğ etmişdi, ancaq atası qəbul etməmişdi. İbrahim peyğəmbər isə atası üçün Allah’dan onun üçün bağışlanma istəmişdi:

(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allah’dan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 47-48)

Müşriklərin cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allah’a düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allah’a) çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 113-114)

Bu gün milyonlarla insanın ziyarət etdiyi Məscidi-Haramın, yəni Kəbənin ilk sakini hz. İbrahim duasının ardınca oğulları İsmayıl, İshaq və bütün möminlər üçün bunları arzulayıb:

Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meyilli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim surəsi, 37-41)

Göründüyü kimi, hz. İbrahim duasında həm Allah’ın isimlərini xatırlayır, həm də Ona şükr edir. Ondan istədikləri də özünü Ona yaxınlaşdıracaq, axirətdə bağışlanmasına səbəb olacaq istəklərdir.